"Real"ın müdafiəçisi Raul Asensionun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün məhkəmə tərəfindən təqsirli bilindiyi açıqlanıb. Sport24.az "Marca" nəşrinə istinadən xəbər verir ki, hadisə avqust ayında Qran Kanariyada baş verib. Futbolçu "Porsche" markalı avtomobili ilə hərəkətdə olarkən polis tərəfindən saxlanılıb. Qan analizində Asensionun hər litr qanda 0,90 mq alkoqol qəbul etdiyi müəyyənləşib. Bu göstərici icazə verilən həddən (0,25 mq/l) təxminən 4 dəfə çoxdur.

Asensio günahını qəbul edib və 19 avqustda keçirilən məhkəmədə təqsirli bilinib. Ona 14 400 avro cərimə kəsilib və sürücülük vəsiqəsi 8 ay müddətinə əlindən alınıb.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi ilə bağlı başqa məhkəmə prosesi də keçiriləcək. Asensio üç gün ərzində – 3, 4 və 7 sentyabr tarixlərində Las Palmasda digər üç keçmiş "Real" futbolçusu ilə birlikdə məhkəmə qarşısına çıxacaq. Onlara şəxsi həyatın toxunulmazlığının pozulması və görüntülərin yayılması ilə bağlı ittihamlar irəli sürülüb.