"Antalyaspor" "Neftçi"nin artıq sabiq qapıçısı Kenan Piriçə olan borcunu ödəyib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

I Liqa təmsilçisi ödənişi hissə-hissə həyata keçirsə də, futbolçuya olan təxminən 700 min avro məbləğində borcunu tam bağlayıb.

Bununla da "Antalyaspor"a tətbiq edilən transfer qadağasının aradan qaldırılması gözlənilir.

Kenan Piriç "Antalyaspor"u FIFA-ya şikayət etmişdi. FIFA-nın Mübahisələrin Həlli Palatası Bosniya və Herseqovinadan olan qapıçının Türkiyə təmsilçisi ilə bağlı şikayətini təmin etmişdi.

İşə baxan qurum müəyyən edib ki, "Antalyaspor" uzun müddət futbolçunun maaşlarını gecikdirib. Qapıçının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, borclar tam şəkildə aradan qaldırılmayıb. Bundan əlavə, Piriçlə müqaviləyə haqsız səbəbdən xitam verilmişdi.