UEFA-nın Nizam və İntizam Komitəsi Çempionlar Liqasının finalında yaşananlara görə PSJ-ni cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Azarkeşlər final fitindən sonra meydançaya çıxdıqlarına və atəşfəşanlıq etdiklərinə görə Paris klubu 100 min avro cərimələnib. Bundan başqa kluba iki il sınaq müddəti ilə UEFA yarışlarında növbəti səfər matçı üçün azarkeşlərinə bilet satması şərti olaraq qadağan edilib.
PSJ həmçinin azarkeşlərinin meydançaya yad əşya atdığına görə 30 min, idman tədbirində nalayiq şüarlar səsləndirdiklərinə və UEFA-nın nüfuzuna xələl gətirdiklərinə görə 10 min, arenaya vurulmuş ziyana görə 8 min ödəməlidir.
Qeyd edək ki, PSJ turnirin finalında "İnter"lə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. Bu zəfər Fransa klubunun Çempionlar Liqasında ilk qələbəsi kimi tarixə düşüb.