Fransa millisinin hücumçusu Kilyan Mbappe Paraqvay üzərində qazanılan qələbədən sonra komandasının istənilən oyun tərzinə hazır olduğunu bildirib. Sport24.az xəbər verir ki, "Real"ın forvardı matçdan sonra verdiyi açıqlamada Fransa yığmasının təkcə baxımlı futbol deyil, eyni zamanda sərt mübarizə aparmağı da bacardığını vurğulayıb:

"Bu gün həm oyunun gedişatı, həm də çıxışımız baxımından çox yaxşı təsir bağışladıq. Hücum futbolu oynaya bildiyimizi göstərdik. Amma lazım gələrsə, əllərimizi çirkləndirməkdən də çəkinmərik. Bununla bağlı heç bir problemimiz yoxdur".

Paraqvayla görüşdə yeganə qolu vuran Mbappe rəqiblərinin Fransa barədə yanlış düşündüyünü deyib:

"Elə bilirdilər ki, bura smokin geyinib gələcəyik, sadəcə gözəl futbol oynayıb paslaşacağıq. Qələbə qazandıq və hətta bu cəhətdən də onlardan üstün olduq".

Mbappe sonda diqqətlərini artıq növbəti mərhələyə yönəltdiklərini bildirib. O, 1/4 finalda Mərakeşlə keçiriləcək oyunun çətin olacağını qeyd edib:

"İndi əsas məsələ bərpa olunmaqdır. Mərakeşin çox yaxşı komanda olduğunu bilirik. Onlarla oynayacağimiz üçün xoşbəxtik və yolumuza davam etmək üçün əlimizdən gələni edəcəyik".