“Qarabağ”ın qış fasiləsində transferində maraqlı olduğu "Bayer"in rusiyalı qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov futbolçusunun gələcək taleyindən danışıb. Sport24.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında Lunyovun yayda Ağdam klubuna mümkün keçidindən söhbət açıb: "Zədəli vəziyyətə görə aktiv danışıqlar dayandırılıb. Bütün variantlar yaya qalıb. İngiltərəni nəzərdən keçirəcəyik, Türkiyə variantı da qalır. Eyni anda “Qarabağ”ı da istisna etmirəm".

Lunyovun sözlərinə görə, bütün variantları nəzərdən keçirəcəklər: "Konkret olaraq Türkiyə variantına gəlincə, yayda orda iqtisadi vəziyyətin necə olacağını heç kim bilmir. Ola bilsin ki, futbol klubları əcnəbi oyunçuları dəvət etməyə hazır olmayacaq. onlarda böyük maliyyə problemləri olacaq".