"Kəpəz" Futbol Klubunun İdarə Heyətinə yeni sədri Namiq Qədirov "Report"a danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.
- "Kəpəz" futbol klubunun İdarə Heyətinə sədri seçildiniz. Təəssüratlarınız necədir?
- Təəssüratlarım çox gözəldir. Çox böyük məsuliyyət hiss edirəm. Mən özüm Gəncədə doğulub böyümüşəm. Gəncliyimdə burada oyunlara çox getmişəm. Bu şəhərə bağlı adamam. İndi də Gəncə təmsilçisinin əvvəlki vaxtlarına qayıtması üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, etimadı doğruldum.
- Gəncə təmsilçisinin məşqçilər korpusu və oyunçuları ilə görüşdünüz. Bu görüş barədə nə deyə bilərsiniz?
- Görüş çox yaxşı keçdi. Bir sıra mövzulara toxunduq. Komandanın gələcəyinin, inkişafının yollarını müzakirə etdik.
- Klubda kadr islahatları gözlənilirmi?
- İndidən bunu açıqlamaq tezdir. Biz bir neçə gündür ki, klubla tanış olmuşuq. İdarə Heyətimiz var. Bundan başqa, idarəçilik üzrə məsələlər Fərman Əlizadəyə, idman üzrə işlər isə Erkin İbrahimova tapşırılıb. Bütün bunları bir yerdə müzakirə edib, qərarlar qəbul edirik. Əlbbətə ki, bundan sonra bir sıra kadr islahatları olacaq. Bu məsələ üzərində işləyirik.
- "Kəpəz"in uzun və qısa müddətli hədəfləri nə olacaq?
- Hədəf birdir. Komandanı daha yüksək səviyyəyə qaldırmaq. İndidən vədlər vermək istəmirik. Çalışacağıq ki, keyfiyyətli futbolçular cəlb edək, komanda quraq. Uşaq futboluna fikir veriləcək və ciddi işlər görməyi planlaşdırırıq.
- Komanda bu mövsüm elitada qalmaq uğrunda mübarizə apardı. Sizcə, növbəti mövsüm avrokuboklara iddia etmək tezdir?
- Ani nəticə üçün tələsik addımlar atmaqdansa, tədricən inkişaf yolunu seçirik. Gəncə azarkeşləri çox tələbkardır, onları tam anlayırıq. Bu gün ilk öncə klub kimi inkişaf etmək, daha da böyümək istəyirik. Təbii ki, əsas komandanın nəticələri böyük önəm kəsb edir. Gələcək mövsüm üçün daha rəğabətli bir kollektiv formalaşdırılacaq. Eyni zamanda, cari mövsüm "Kəpəz"in Premyer Liqada qalmasında rolu olan bir çox futbolçu ilə davam edəcəyik. Avrokuboklardan danışmaq tezdir. Dəqiq deyə bilərəm ki, əvvəlki mövsümlərdə olduğu kimi, "Kəpəz" Premyer Liqada qalmağı hədəf kimi qarşısına qoymayacaq. Komandanın qarşısında qoyulan konkret vəzifə cari mövsüm başa çatandan sonra açıqlanacaq.
- Mətbuatda "Kəpəz"in rumıniyalı mütəxəssis Mirça Redniklə anlaşdığı yönündə xəbərlər dolaşır. Bu məsələyə birdəfəlik nöqtə qoya bilərsiniz?
- Tam məsuliyyətlə deyə bilərəm ki, bizim onunla heç bir əlaqəmiz olmayıb, heç bir danışıq da aparılmayıb. Bu, sadəcə, şayiədir.
- "Kəpəz" növbəti mövsümdə də Azər Bağırovla yola davam etmək istəyirmi?
- Biz, ümümiyyətlə, nəinki yerli futbolçuların, məşqçilərimizin də inkişafına dəstək vermək istəyirik. Azər Bağırova dəfələrlə dəstəyimizi bildirmişik. Mövsümün sonunda baş məşqçi ilə görüş keçiriləcək. Bizim fikrimizi soruşursuzsa, əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.
- Gəncə şəhər stadionu hazır olanadək komanda ev oyunlarını Tovuzda keçirir. Arenanın avqustun sonunda təhvil veriləcəyi gözlənilir. "Kəpəz" növsümün əvvəlində də Tovuzda oynayacaq?
- Çox güman ki, bəli. Bilirsiz ki, III MDB Oyunlarının açılış və bağlanış mərasimi yeni tikilən stadionda baş tutacaq. Hər şey ot örtüyünün vəziyyətindən asılı olacaq. Texniki səbəblərdən ot örtüyünün oyunlara hazır olması gecikə bilər. Ona görə də hər şey bu məsələlərə bağlıdır. Yeni stadion tam hazır olandan sonra matçlarımızı burada keçirəcəyik. Bundan başqa, Gənclər və İdman Nazirilyi ilə danışıqlar aparacağıq. Hansısa formada icarə məsələləri həll olunacaq. Biz də istəyirik ki, doğma meydanda, azarkeşlərimizin önündə oynayaq. Bizim onlara, onların dəstəyinə ehtiyacımız var. Gəncədə azarkeşlər həmişə futbolu seviblər. Ümumiyyətlə, Azərbaycan çempionatlarında ən çox azarkeş Gəncə stadionuna gəlib. Bu bizim üçün böyük faktordur. Ona görə də istəyirik ki, oyunlarımızı Gəncədə keçirək.