Təcrübəli yarımmüdafiəçi Luka Modriç İspaniyanın məşhur "Marca" nəşrinə geniş müsahibə verib. Sport24.az xəbər verir ki, "Milan"ın təlim-məşq bazası - Milanelloda baş tutan söhbətdə xorvatiyalı ulduz karyerası, "Real"la vidalaşması və gələcək planları haqqında səmimi açıqlamalar verib.
İtaliyada özünü xoşbəxt hiss etdiyini bildirən 40 yaşlı futbolçu Milan təmsilçisini seçməsinin təsadüfi olmadığını vurğulayıb:
"Uşaq ikən İtaliya futboluna baxanda Milan mənim sevimli komandam idi. Realdan ayrıldıqdan sonra bu fürsət yarananda heç tərəddüd etmədim. Burada təzyiq böyükdür, çünki Milan dünyanın en böyük klublarından biridir. Məqsədimiz komandanı yenidən layiq olduğu zirvələrə qaytarmaqdır".
"Real"da keçirdiyi 13 ili xatırlayan Modriç, paytaxt təmsilçisi ilə vidalaşdığı günü hələ də duyğu ilə xatırlayır:
"Vidalı xatırlamaq asan deyil, çünki karyeramın ən gözəl dövrünün bitdiyini bilirdim. Ancaq bunu böyük qürurla xatırlayıram. Hələ də həmin gündən olan fotoşəkillərə baxıram. Real mənə sonadək döyüşməyi və heç vaxt təslim olmamağı öyrətdi. Klub tarixinin en çox titula sahib olan futbolçusu olacağıma heç vaxt inanmazdım. Bu, inanılmaz bir hissdir".
Ulduz futbolçu 2012-ci ildə Madridə transfer olunmasında Joze Mourinyonun böyük rolu olduğunu qeyd edib:
"Transferimdə ən vacib fiqur Mourinyo idi. Əgər o, bu qədər təkid etməsəydi, bəlkə də keçid baş tutmayacaqdı. Onunla daha uzun müddət işləmək istərdim".
Futbolu tərk etdikdən sonra Madridə qayıtmaq istədiyini gizlətməyən təcrübəli yarımmüdafiəçi sözlərini belə yekunlaşdırıb:
"Madrid mənim evimdir və bir gün ora qayıtmaq istəyirəm. Ailəm də, uşaqlarım da Madridi doğma şəhərləri sayırlar. Lakin ora sadəcə var olmaq üçün yox, Reala fayda vermək və klub üçün çalışmaq üçün dönmək niyyətindəyəm"