"Düşünürəm ki, televiziya viktorinası ilə bağlı bu hekayə bir qədər şişirdilir". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Euronews"a açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasından danışıb.

2002-ci ildə Dambrauskas Litva televiziyasında yayımlanan "Kim milyonçu olmaq istəyir?" verilişində pul mükafatı qazanıb. O, əldə etdiyi vəsaitdən UEFA-nın məşqçilik lisenziyası kurslarını maliyyələşdirmək üçün istifadə edib və bu məqsədlə İngiltərəyə köçüb.

Maraqlıdır ki, Dambrauskasın peşəkar futbolçu kimi keçmişi olmayıb. Məşqçilik kurslarının pulunu ödəmək üçün o, dayə, satıcı və qəzet paylayan şəxs kimi müxtəlif işlərdə çalışıb. Sonradan "Fulhem", "Brentford" və "Mançester Yunayted"in akademiyalarında fəaliyyət göstərib. Bakı təmsilçisi "Sabah" isə onun məşqçilik karyerasında 10-cu klubudur.

Dambrauskas uzun və asan olmayan yol keçdiyini etiraf edib:

"Bəzən çətin olurdu. Mən çox çalışmalı və bəzən həm özüm, həm də ətrafımdakı insanlar şübhə etdiyimiz halda özümə inanmalı idim. Mən bu nailiyyəti bir mərhələ kimi qəbul edirəm və inanıram ki, səyahət daha vacibdir. Qarşıda başqa arzular da var və mən həqiqətən dayanmaq istəmirəm".

Dambrauskas bundan sonra qarşıda duran hədəflərlə bağlı da realist mövqeyini ortaya qoyub. O, Çempionlar Liqasının əsas mərhələsində iştirakın Azərbaycan çempionatındakı çıxışdan başladığını vurğulayıb:

"Hər kəs Çempionlar Liqasından danışır, amma orada oynamağınıza imkan verən Azərbaycan çempionatıdır. Diqqətimizi qorumağımız və keçirəcəyimiz hər oyuna hazırlaşmağımız çox vacibdir. Bizim möhtəşəm beynəlxalq mühitimiz var və çox vaxt start heyətində 11 fərqli millətin nümayəndəsini seçirik. Belə bir mühitdə fəlsəfəmizin əsaslandığı əsas söz hörmətdir".