"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karrager Məhəmməd Salahın "Liverpul"dakı gələcəyi barədə danışıb. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "Sky Sports"a açıqlama verib:
"Məhəmməd Salahı gələn mövsüm "Liverpul"un heyətində görmürəm. Mənim üçün əsas sual onu bu mövsümün sonuna qədər burada görüb-görməyəcəyimizdir. Düşünürəm ki, getsə, çox peşman olacaq.
Aydındır ki, onun Arne Slotla fikir ayrılıqları var, amma baş məşqçinin addımını təqdir etmək istəyirəm. O, sadəcə Salahı "Brayton"la oyun üçün heyətdən kənarda qoya bilərdi, amma komandanın maraqlarını birinci yerə qoymağı seçdi. Nəticədə Salah meydana çıxdı və komandaya kömək etdi.
İnanmıram ki, Salah "Liverpul"dan "Real"a və ya "Barselona"ya keçəcək. Yeganə seçim Səudiyyə Ərəbistanı Liqasıdır. "Liverpul" mövsümün ikinci yarısında FA Kuboku və ya Çempionlar Liqasının finalına çıxa bilər. Təsəvvür edin ki, Salah Səudiyyə Ərəbistanında oturub keçmiş komandasının Budapeştdə Çempionlar Liqasının finalına çıxmasını izləyəcək. O, çempionluq dəhlizinə və ailəsi ilə meydana çıxmaq imkanına layiqdir. Baş məşqçi ilə münaqişəni kənara qoyub hələ də Liverpulda keçirə biləcəyi üç-dörd ay barədə düşünməyə dəyər".