İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker yığmanın 2026-cı il Dünya Çempionatındakı şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, o, mövsüm ərzində zədə səbəbindən müəyyən oyunları buraxan aparıcı futbolçuların turnirə daha yaxşı formada və yüksək fiziki hazırlıqla yollanacağını bildirib.
Linekerin fikrincə, baş məşqçi Tomas Tuxelin komandası ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi Dünya Çempionatında uğurlu nəticələrə imza ata bilər:
"Bukayo Sakanın mövsümün sonunda yenidən formasını bərpa etməsi xoşuma gəlir. O, zədə səbəbindən müəyyən müddət oynamadı. Ümumiyyətlə, bəzi futbolçularımıza baxanda düşünürəm ki, bu, bizim üçün üstünlük ola bilər. Adətən Premyer Liqa oyunçuları uzun və ağır mövsümdən sonra mundiala olduqca yorğun yollanırlar.
Amma Saka, Harri Keyn, Cud Bellinqem və Markus Reşford kimi futbolçular müxtəlif səbəblərdən müəyyən müddət meydanlardan kənarda qalıblar. Hazırda isə onlar yaxşı formadadırlar, fiziki cəhətdən güclü görünürlər. Bu amil Dünya Çempionatında bizə böyük kömək edə bilər".
Qeyd edək ki, İngiltərə millisi Dünya Çempionatındakı ilk oyununu iyunun 17-də Dallasda Xorvatiyaya qarşı keçirəcək. Tomas Tuxelin komandası turnirdə 60 illik titul həsrətinə son qoymağa çalışacaq.