"Real"ın qapıçısı Tibo Kurtua gələcəyi ilə bağlı mühüm açıqlamalar verib. Sport24.az xəbər verir ki, 34 yaşlı qolkiper həm klub, həm də Belçika millisi ilə bağlı planlarını bölüşüb.
Təcrübəli əlcək sahibi dünya çempionatından sonra yığma karyerasına son qoya biləcəyini istisna etməyib:
"Dünya çempionatından sonra milli komandada qalmaqdansa, karyeramı bitirmək ehtimalım daha yüksəkdir. Artıq 34 yaşım var və bədənimi düşünməliyəm. Yeni nəslə yer verməyin vaxtı gəlib".
Kurtua Madrid klubundakı gələcəyinə də toxunaraq, karyerasını "Kral klubu"nda bitirmək istədiyini gizlətməyib:
"Mənim üçün ideal ssenari karyeramı "Real"da başa vurmaqdır. Sözsüz ki, klub nə vaxtsa mənim yerimə kimisə düşünməli olacaq. Lakin hazırda özümü yaxşı hiss edirəm və oyunumda sabitlik var".
Belçikalı qolkiper keçmiş baş məşqçisi Joze Mourinyo ilə münasibətlərindən də danışıb. O, portuqaliyalı mütəxəssislə aralarında bəzən gərginlik yaşandığını etiraf edib:
"Mourinyo çox birbaşa adamdır, mən də eləyəm. Aramızda bəzən gərginlik olurdu, amma bu, onun motivasiya üsulu idi".
Qeyd edək ki, karyerası ərzində "Genk", "Çelsi" və "Atletiko" kimi klubların formasını geyinmiş Tibo Kurtua 2018-ci ildən "Real"ın şərəfini qoruyur.