Çexiya millisinin baş məşqçisi Miroslav Koubek komandasının Dünya Çempionatında Cənubi Koreyaya 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 74 yaşlı mütəxəssis komandasının mübarizəsindən razı qalsa da, rəqibin qələbəyə layiq olduğunu etiraf edib:
"Bəzi səhvlərə yol verdik, eyni zamanda qol imkanları da yaratdıq. Rəqibimiz çox sürətli idi. Daha yaxşı komanda qalib gəldi. Mübarizə apardıq və bunu bacardıq. İndi isə irəli baxmalıyıq. Son 30 metrdə daha hücumameyilli və yaradıcı olmalıyıq. Hücum xəttində inkişaf üçün yer var".
Koubek həmçinin hücumçu Patrik Şik və yarımmüdafiəçi Pavel Şultsdan daha çox şey gözlədiyini bildirib. O, hər iki futbolçunun isti hava şəraitində yorulduğunu və buna görə ikinci hissədə əvəzləndiyini qeyd edib.
Təcrübəli çalışdırıcı ilk rəsmi oyununu keçirən yarımmüdafiəçi Aleksandr Soykanın çıxışını isə xüsusi vurğulayaraq müsbət məqamlar sırasında göstərib.
Çexiya millisi qrup mərhələsində növbəti oyununu iyunun 18-də Cənubi Afrika yığmasına qarşı keçirəcək. Koubek qarşıdakı görüşün də çətin keçəcəyini bildirib:
"Çətin rəqiblə qarşılaşacağıq. Futbolçular sona qədər mübarizə apardıqları üçün yorğundurlar".
Baş məşqçi komandanın növbəti oyun üçün Atlantaya uzun səfər etməli olmasına da toxunub:
"Bununla yaşamalıyıq. Çünki planlaşdırmanı biz etməmişik. Logistika komandamız yaxşı işləyir, amma bu qədər çox səyahət etmək ideal deyil".