"Benfika"nın baş məşqçisi Joze Mourinyo bildirib ki, 20 yaşlı argentinalı yarımmüdafiəçi Canluka Prestianni "Real"ın hücumçusu Vinisius Junioru irqçi şəkildə təhqir etməkdə günahkar bilinərsə, onun rəhbərliyi altında karyerasına "son qoyulacaq". Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə ESPN-ə açıqlama verib:

 

"Əgər oyunçum mənim və "Benfika"nın prinsiplərinə hörmət etməsə, o zaman həmin futbolçunun Joze Mourinyo adlı məşqçi ilə və "Benfika" adlı klubda karyerası bitəcək. Mən alim deyiləm, amma cahil də deyiləm. Günahsızlıq prezumpsiyası insan hüququdur, elə deyilmi? Mən öz fikrimdə qalıram. Əgər oyunçu həqiqətən günahkardırsa, mən ona bir daha heç vaxt eyni cür baxmayacağam və onun üçün hər şey bitdi. Amma bundan əvvəl çoxlu "əgər" sözü var".

 

Qeyd edək ki, Vinisius "Benfika"nın oyunçusunu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan "Benfika" - "Real" matçında onu "meymun" adlandırmaqda günahlandırıb.