İtaliya millisinin baş məşqçisi Silvio Baldini Yunanıstan üzərində 1:0 hesablı qələbədən sonra mətbuat konfransında fikirlərini bölüşüb. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki təcrübəli mütəxəssis komandasının nümayiş etdirdiyi performansdan olduqca razı qaldığını bildirib.

​Milli komandanın "sükanı arxasında" keçirdiyi ilk iki oyunda
Lüksemburq və Yunanıstan üzərində qələbə qazanan, eyni zamanda qapısında qol görməyən Baldini futbolçularına tərif yağdırıb:

"Komandaya təsadüfən tərif etməmişdim. Mən bu futbolçuların keyfiyyətinə və potensialına bələdəm. Bu gün məni ən çox sevindirən məqam odur ki, oyunçularım müəyyən etdiyimiz qaydaların onlar üçün bir üstünlük olduğunu artıq tam başa düşüblər".

İtaliya millisində yeni və uğurlu dövrün başlanğıcı kimi dəyərləndirilən bu çıxışlara baxmayaraq, Baldini postunda qalıb-qalmayacağı ilə bağlı danışmaq istəməyib:

"Mənim postumda qalmağımı istəyənlərə və mənə dəstək olanlara təşəkkür edirəm. Amma hazırda mənim üçün əsas olan gələcəyi düşünmək yox, işimi ən yaxşı şəkildə yerinə yetirməkdir".

Təcrübəli çalışdırıcı Avropa çempionu olan İtaliyanın U-17 yığmasının uğuruna da toxunaraq ölkə futbolundakı strukturdan söz açıb:

​"İtaliya futbolu müəyyən prinsiplərlə işləyir və bütün aşağı yaş qrupları hazırda yaxşı nəticələr əldə edir. Bizim əsas problemimiz U-21 yığması ilə əsas milli komanda arasındakı keçid mərhələsində idi. Ümid edirəm ki, bundan sonra gənc istedadlar üçün bu yol daha az çətin olacaq".

Qeyd edək ki, Silvio Baldininin rəhbərliyi altında İtaliya millisi keçirdiyi hər iki oyunda qələbə qazanıb və qapısını toxunulmaz saxlayıb.