İngilis məşqçi Qaret Sautqeyt Premyer Liqa klublarından birinin "sükanı arxasına" keçmək ehtimalı barədə danışıb. Sport24.az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu barədə "Sky Sports"-a açıqlama verib:
"Premyer Liqaya qayıtmağımı şərtləndirə biləcək heç bir vəziyyət təsəvvür edə bilmirəm. İngiltərə millisindəki fəaliyyətimin sonlarına doğru artıq bundan zövq almırdım. Əvvəllər qələbələr marağımı qoruyub saxlayırdı, amma sonralar... o mərhələdə hətta qələbədən sonra belə, cəmi bir-iki dəqiqəlik sevinc hiss edirdim. O vaxtdan bəri demək olar ki, heç futbol izləməmişəm.
Sevimli komandam "Kristal Pelas"ın ilk kubokunu qazanmasını görmək üçün İngiltərə Kubokunun finalına getmişdim. O vaxtdan stadiona ayaq basmamışam. Futbol sevgim ciddi şəkildə dəyişib".
Qeyd edək ki, Sautqeytin son iş yeri İngiltərə millisi olub. O, 2024-cü ildə yığmadan ayrılandan sonra işsizdir.