"Turan Tovuz"un yay transfer dönəmində heyətinə qatmaq istədiyi, lakin anlaşa bilmədiyi daha bir futbolçunun adı bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Məlumata görə, Qərb təmsilçisi yayda Serbiya millisinin sabiq üzvü Lazar Markoviçlə maraqlanıb. Tovuz klubu 32 yaşlı futbolçu ilə agentlər vasitəsilə əlaqə də saxlayıb. Lakin Markoviç "Turan Tovuz"da çıxış etməyə maraq göstərməyib.
Yayda azad agent statusu daşıyan təcrübəli oyunçu sonda ölkəsinin "Çukariçki" klubuna keçib.
Qeyd edək ki, Lazar Markoviç karyerası ərzində İngiltərənin "Liverpul", Türkiyənin "Fənərbağça" və "Trabzonspor" kimi tanınmış klublarında çıxış edib. O, ötən mövsüm Kiprdə "Apollon"un formasını geyinib.