"Şəfa"nın bu yay heyətində qatdığı legionerlərdən biri də Dilan Mertensdir. Niderlandlı futbolçu Sport24.a-a müsahibəsində geridə qalan turlar ərzində komandasının və özünün çıxışını dəyərləndirib.
- "Turan Tovuz"la oyunda məğlubiyyətə səbəb nə oldu?
- Əslində, müdafiədə etibarlı oynayırdıq və "Turan Tovuz" ciddi təhlükəli epizodlar yarada bilmirdi. Lakin ilk yarının sonlarında rəqib fərqlənməyi bacardı, biz isə qol vura bilmədik.
- "Şəfa" 7 oyunda cəmi 1 qələbə qazanıb. Səncə, komandanın uğursuz çıxışının səbəbi nədir?
- Qələbə qazana bilməməyimizə səbəbi kimi konkret bir amili göstərmək çətindir. Ancaq bilirsiniz ki, bir neçə oyun ardıcıl qələbə qazanmadıqda futbolçuların özünəinamı azalır. Buna baxmayaraq, hazırda əsas məqsədimiz qələbə qazanmaq və turnir cədvəlində yuxarı pillələrə doğru irəliləməkdir.
- Komandanın "qara zolaq"da olması psixoloji cəhətdən futbolçulara necə təsir edir?
- Hər kəs qazanmaq istəyir. Bir daha qeyd edirəm ki, ardıcıl uğursuzluq olanda təbii olaraq gərginlik və narazılıq yaranır. Bu, tamamilə normaldır. Buna baxmayaraq, bir-birinə güvənən futbolçularımız var. Kollektiv olaraq bu vəziyyətdən çıxmaq istəyirik.
- Geridə qalan turlar ərzində öz çıxışını necə dəyərləndirirsən, çempionata uyğunlaşa bilmisən?
- Özümə qarşı hər zaman tənqidi yanaşıram və potensialımın daha yüksək olduğuna inanıram. Bunu meydanda göstərmək üçün çalışmağa davam etməli, vurduğum qollar və verdiyim məhsuldar ötürmələrlə komandama daha çox faydalı olmalıyam. Potensialım buna imkan verir.
- Qarşıdakı oyunlarda sizi nisbətən münasib rəqiblər gözləyir. Səncə, "Şəfa" bu fürsətdən istifadə edib uğursuz seriyanı dayandıra biləcək?
- Əlbəttə, buna inanıram. Çünki inam yoxdursa, futbol oynamağın da mənası yoxdur. Əminəm ki, qarşıdakı oyunlarda xallar qazanaraq turnir cədvəlində mövqeyimizi yaxşılaşdıracağıq.