FIFA Türkiyənin "Sivasspor" klubunun "Sabah"ın futbolçusu Velko Simiçə ümumilikdə 782 min 500 avro ödəməli olduğu barədə qərar çıxarıb. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
FIFA-nın Mübahisələrin Həlli Palatası yayda çıxardığı qərarla serbiyalı futbolçunun şikayətini qismən təmin edib. Qərara əsasən, məbləğin 85 min avrosu ödənilməmiş əməkhaqqı, 697 min 500 avrosu isə əmək müqaviləsinin pozulmasına görə kompensasiyadır. Bundan əlavə, hər iki məbləğə illik 5 faiz faiz hesablanmalıdır.
Mübahisə futbolçunun "Sivasspor"da çıxış etdiyi dövrdə əməkhaqqını vaxtında ala bilməməsi ilə bağlıdır. 2025-ci ilin avqustunda "Sabah"a icarəyə verilən Simiçin Türkiyə klubu ilə müqaviləsi qüvvədə qalsa da, tərəflər arasında maliyyə problemi yaranıb.
Serbiyalı oyunçu 2025-ci il noyabrın 4-də "Sivasspor"a rəsmi xəbərdarlıq göndərərək 85 min avroluq borcun ödənilməsini tələb edib və kluba bunun üçün 15 gün vaxt verib. Ödəniş edilmədiyindən futbolçu noyabrın 21-də müqaviləyə birtərəfli qaydada xitam verib.
Bundan sonra Simiç FIFA-ya müraciət edərək ödənilməmiş əməkhaqqının və müqavilənin pozulmasına görə kompensasiyanın verilməsini istəyib. FIFA futbolçunun müqaviləyə haqlı səbəbdən xitam verdiyi qənaətinə gəlib.
Türkiyə mətbuatının məlumatına görə, "Sivasspor"a üç transfer dövrünü əhatə edən qadağa da tətbiq olunub. Klubun yeni futbolçuları qeydiyyatdan keçirməsi üçün borc məsələsini həll etməsi tələb olunur.
Qeyd edək ki, Veljko Simiç 2025/2026 mövsümündən "Sabah"ın formasını geyinir. Serbiyalı futbolçu 2026-cı ilin iyununda Bakı klubu ilə yeni müqavilə imzalayıb. Anlaşma 2028-ci il iyunun 30-dək qüvvədə olacaq.