Avropanın TOP-5 liqalarından olan Almaniya çempionatında qış transfer pəncərəsində xərclənən məbləğ açıqlanıb. Sport24.az xəbər verir ki, Bundesliqa iştirakçıları yanvarda transferlər üçün 68 milyon 770 min avro xərcləyiblər.

Liqanın ən önəmli transferini "Bayern Münhen" həyata keçirdi. Münhen təmsilçisi İngiltərənin "Mançester Siti" klubuna məxsus Xuan Kanselunu icarə əsasında heyətinə cəlb etdi. Klub daha sonra Münhenqladbax "Borussiya"sında çıxış edən qolkiper Yann Sommer üçün 8 milyon 500 min avro ödədi.

Bundesliqada qış fasiləsində transferdən ən çox gəlir əldə edən klub "Hoffenhaym" olub. Klub 2020-ci ildə Fransanın "Renn" klubundan 750 min avroya aldığı Ryutter Jorjinyonu 28 milyon avroya İngiltərənin "Lids Yunayted" klubuna satıb. 

Dortmund "Borussiya"sı isə fasilədə ən çox pul xərcləyən klubdur. Dortmund təmsilçisi fasilə zamanı transferə 13 milyon avro xərcləyib. 

Ümumilikdə Bundesliqada mübarizə aparan 18 klubdan səkkizi transferdən gəlir etməyi bacarıb. Bu rəqəm isə 49 milyon 50 min avrodur. 

"Köln", "Leypsiq" və "Verder" gəlir əldə etməsələr də, transferlər üçün pul xərcləməyiblər.