19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununa çıxıb. Sport24.az xəbər verir ki, təmsilçimiz "Dalğa Arena"nın ehtiyat meydançasında Moldova seçməsi ilə qüvvəsini sınayıb.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb.
Yığmamızın heyətində 73-cü dəqiqədə Ayşən Salamzadə, 90+1-ci dəqiqədə isə Xədicə Əlizadə fərqləniblər. Oyunun reqlamentinə əsasən qalibi müəyyənləşdirmək üçün təşkil olunan penalti seriyasında isə rəqib komanda 5:4 hesabı ilə üstün olub.
Komandalar arasında ikinci yoldaşlıq görüşü sentyabrın 16-da, saat 10:00-da eyni məkanda keçiriləcək.