Argentina millisinin baş məşqçisi Lionel Skaloni milli komandanın kapitanı Lionel Messinin dünya çempionatı öncəsi vəziyyəti ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, baş məşqçi ulduz futbolçunun durumu ilə bağlı ESPN-ə danışıb:

 

"Leo özünü yaxşı hiss edir. O, məşqin bir hissəsini qrupla məşq edib ki, bu yaxşıdır. O, tamamilə təkbaşına məşq etmir və tədricən "artırır". Leonun yoldaşlıq oyunlarında oynayacağı və bu iki görüşdən birində bir neçə dəqiqə meydanda olacağı mümkündür. Görək sabah, yoxsa növbəti matç olacaq. Amma o, daha yaxşıdır və bu, bizə rahatlıq verir".

 

Argentina yığması iyunun 7-si Honduras, 10-da isə İslandiya ilə yoldaşlıq görüşü keçirəcək.

 

Xatıqladaq ki, "İnter Mayami"nin 38 yaşlı hücumçusu milli komandanın düşərgəsinə sol bud əzələsində gərilməsi ilə gəlib.

 

Qeyd edək ki, Argentina DÇ-2026-nın qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaq.