AFFA Apellyasiya Arbitraj Tribunalı "Alanyaspor Baku" və "Lion" klublarının şikayətləri ilə bağlı qərarlarını açıqlayıb. Sport24.az xəbər verir ki, "Alanyaspor Baku"nun U-13 komandasının futbolçusu Cəbrayıl Hüseynovun üç oyunluq cəzası iki oyuna endirilib.

 

Futbolçu oktyabrın 18-də "Step FK" ilə qarşılaşmanın 40-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə almışdı. Tribunal klubun şikayətini qismən təmin edərək İntizam Komitəsinin oktyabrın 20-də çıxardığı qərarı dəyişdirib.

 

"Lion"un Gənclər Liqasında "Turan Tovuz"la oyununa dair şikayəti də qismən təmin olunub. Həsən Hüseynovun altı oyunluq cəzalandırılması və klubun 1200 manat cərimə edilməsi barədə qərar normanın düzgün tətbiq olunmaması səbəbindən ləğv edilib. İş yenidən baxılması üçün İntizam Komitəsinə qaytarılıb.

 

Hüseynov oktyabrın 17-də keçirilən görüşün 80-ci dəqiqəsində rəqib komandanın qapıçısını təhqir etdiyinə görə meydandan qovulmuşdu. Klubun şikayəti qalan hissədə təmin edilməyib.

 

Hər iki qərardan Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilə bilər.