Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi beynəlxalq səviyyəli tədbirdə Azərbaycanı təmsil edib. Sport24.az xəbər verir ki, PFL prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Çexiyanın paytaxtı Praqada Dünya Liqaları Assosiasiyasının illik konfransında qatılıblar. Qurumun 10 illik yubileyinə həsr olunan və 50-dən çox liqanın nümayəndəsinin qatıldığı üçgünlük tədbirdə təşkilatın tam hüquqlu üzvü olan PFL rəsmiləri müzakirələrdə və qərarların qəbulunda iştirak ediblər.
Konfrans çərçivəsində İtaliya A Seriyasının icraçı direktoru Luici de Siervo növbəti dörd il üçün assosiasiyanın prezidenti seçilib. PFL nümayəndələri isə müxtəlif ölkələrin liqa rəsmiləri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Tədbirin sonunda qurumun baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.