Birləşmiş Ərəb Əmirliklərində idmançılar arasındakı kütləvi dava ilə bağlı məhkəmə prosesi başa çatıb və hökmlər oxunub. Sport24.az xəbər verir ki, Əbu-Dabi məhkəməsinin qərarı ilə dağıstanlı döyüşçü Usman Nurməhəmmədov və komandasının digər iki üzvü 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 

Həmçinin onlara ümumilikdə 300 min dirhəm (təxminən 140 min Azərbaycan manatı) cərimə kəsilib və cəza müddəti bitdikdən sonra hər üç şəxsin ölkədən deportasiya olunması qərara alınıb.

 

Hadisədə iştirak edən gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili və güləşçi Saba Lazişvili isə real həbs cəzasından qurtulublar. RAF təşkilatının ödədiyi 50 min dirhəm (23 min manat) cərimə ilə kifayətlənən məhkəmə onların sərbəst buraxılmasına qərar verib.

 

Xatırladaq ki, insident ötən günlərdə otellərin birində müsahibə zamanı baş vermiş, tərəflər arasındakı mübahisə isə daha əvvəl yaranmış şəxsi münaqişə və təhqirlər zəminində qızışmışdı.