Karlo Ancelotti Braziliya millisinin Norveçə qarşı keçirəcəyi dünya çempionatının 1/4 final oyunu öncəsi mətbuat konfransında komandasının son durumu barədə danışıb. Sport24.az xəbər verir ki, İtaliyalı mütəxəssis komandadakı son vəziyyət, zədəli və cəzalı oyunçuların durumu, eləcə də rəqibin güclü tərəfləri barədə danışıb.

Təcrübəli baş məşqçi ilk olaraq cəzalı vəziyyətdə olan Lukas Paketanın yoxluğuna toxunub:

"Paketanın xüsusiyyətlərinə malik başqa futbolçumuz yoxdur. Buna görə də onu fərqli profilli oyunçu ilə əvəzləyəcəyik. Rəqibə və oyun planımıza uyğun seçim edəcəyik."

Ançelotti zədədən qayıdan Rafinyanın tam hazır olmadığını bildirib:

"Rafinya yaxşı vəziyyətdədir, amma hələ 100 faiz hazır deyil. O, müəyyən müddət oynayaraq komandaya kömək edə bilər. Bizim üçün çox vacib futbolçudur".

Təcrübəli çalışdırıcı Norveçin liderləri barədə də fikirlərini bölüşüb. O, Martin Ödeqorun həm istedadlı, həm də oyunu çox yaxşı oxuyan futbolçu olduğunu vurğulayıb. Erling Haaland haqqında isə bunları deyib:

"Haalandı hamı tanıyır. Ona qarşı xüsusi planımız var. Gabriel və Marquinhos onunla dəfələrlə üz-üzə gəliblər. O, çox təhlükəli hücumçudur".

Ançelotti Vinisius Juniorun meydandakı rolundan da danışıb:

"Vinisius həm cinahda, həm də mərkəzdə rahat oynayır. Bu, rəqib müdafiəsi üçün ciddi problem yarada bilər".

Braziliya millisinin baş məşqçisi komandanın oyun səviyyəsinin hələ də yüksələ biləcəyini qeyd edib:

"Hər oyundan sonra inkişaf edirik. Hələ ən yaxşı səviyyəmizə çatmamışıq və daha da yaxşı oynaya bilərik".

Mətbuat konfransının ən diqqətçəkən açıqlaması isə Neymar və Vinisius barədə olub.

"Vinisius və Neymar birlikdə oynaya bilərlər... və birlikdə oynayacaqlar."