Misli Premyer Liqasının XIII turunun "Neftçi" – "Zirə" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:


– Rəşad Sadıqov bildirdi ki, oyunun sonlarında sizə nəsə deyib. Nə baş vermişdi orada?


– Sadıqovla aramızda heç nə yoxdur. Bəlkə ona nəsə olub.

 

– "Zirə"yə qarşı ilk qələbəniz oldu. Bu gün nəyi dəyişdiniz?

– Futbolçuların oyuna yanaşmasından xoşum gəldi. Matçı iki hissəyə bölək. Birinci yarıda bütün üstünlük bizdə idi, rəqibə imkan vermədik. Çox tez qol vurduq və əlavə imkanlar yaratdıq. Sadəcə bunlardan yararlana bilmədik. Düşünürəm ki, ilk 20 dəqiqədən sonra daha çox müdafiədən oynamağa başladıq. Amma dözdük, hesabı qoruduq. Bu, bizim üçün çox önəmlidir. Hətta oyunun sonlarına yaxın üçüncü müdafiəni meydana daxil etdim və 5-3-2 formatına keçdim.

 

– Dominant "Neftçi"ni nə vaxt görəcəyik?


– Mən də bunu istəyirəm. Azərbaycan çempionatı inkişaf edir, yaxşı komandalar var. Bütün kollektivlər dominant oynamaq istəyir, amma hər zaman alınmır. Məsələn, "Sabah" ilə "Barselona" arasındakı oyunda kataloniyalılar böyük üstünlük qura bilmədi. "Sabah"ın səviyyəsi haqqında gözəl sözlər demək olar. Avropa Liqasında dünən "Viktoriya" "Benfika"nı 4:0 hesabıyla məğlub etdi. İndi "Viktoriya" daha güclü komandadır? Yəni, futbol dəyişir. Sadıqovla gərginliyə gəlincə, xatırlamıram. Onunla hansısa problemim yoxdur. Narazılıqlarım oyundakı bəzi epizodlarla bağlıdır. Bu mövzunu birdəfəlik bağlamaq lazımdır.

 

– "Neftçi" bu gün liderdir, rəqiblərdən oyun baxımından da geri qalmır. Amma tribunalar dolmur. Onlara çağırış edə bilərsiniz?


– Çağırışı hər oyun edirəm. Bu gün də fanatlarımızı salamladım. Ümid edirəm ki, oyundan-oyuna fanatlarımızın sayı da artacaq. Bu il yubileyimizdir, gəlin, bizə dəstək olun. Baxın, "Kəpəz" azarkeşləri komandaya necə dəstək olur. Orada sanki Avropa futbolunun atmosferi yaradılıb. İstərdim ki, bizim də stadionumuz elə dolsun. Fanatlar bizim irəli getməyimiz üçün generator rolunu oynayır. Onlar bizim enerjimizdir. Azarkeşlərimizi daim stadionu doldurmağa çağırıram. Gəlin, qələbələrimiz sizin sayənizdə olacaq.