Misli Premyer Liqasının XIII turunun "Neftçi" – "Zirə" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Oyun bizim üçün uğursuz başladı. Matça qədərki məşqlərimizdə "Neftçi"nin erkən qol planına qarşı hazırlıqlarımız oldu, amma alınmadı. Qolda qayda pozuntusunun olub-olmadığını bilmirəm. Qoldan 15-20 dəqiqə sonra oyunu ələ ala bildik. İkinci hissədə isə daha fəal və sürətli oynadıq. Hücumlar etdik, təhlükəli epizodlar yaratdıq. Futbolçularıma təşəkkür edirəm. Liderə qarşı oynayırdıq. "Neftçi"nin səviyyəsini bilirdik. Ümumilikdə oyunçularımın performansından razı qaldım.
– Leqbo ötən qarşılaşmada müdafiənin solunda oynayırdı. Bu dəfə isə vinger kimi meydanda idi. Bu dəyişiklik nə ilə bağlı oldu?
– Bizdə ciddi şəkildə vinger qıtlığı var. Digər oyunçularımız da var, amma onlar gəncdirlər. Hazırda tam formalaşmış vingerimiz yalnız Erendir. Məcburiyyətdən heyətdə dəyişikliklər edirik. "Neftçi"nin cinah müdafiəçiləri hücumda fəaldırlar. Ona görə Qismət və Amin cinahlarda oynadı. Leqbo hücumlarda təhlükə yarada bilir. İki il əvvəl Finlandiyada çıxış edən zaman bir mövsümə 15 qol vurmuşdu. Bu tip oyunları qazanmaq üçün nəticəyə təsir edə biləcək futbolçulara ehtiyac var.
– Oyundan sonra Vernidubla aranızda nə baş vermişdi?
– Dediklərim yadımda deyil. Sadəcə bildirdim ki, "artıq çox danışırsınız". Bunu qeyd etdim və getdim. Mən ona dedim ki, hörmətim "Neftçi"yədir. Bilirik ki, o, harada işləyir. Bəzi kəlmələri ona yaraşdırmıram. Bu gün də fasilədə yanımdan keçəndə narazılıq bildirirdi. Ona dedim ki, susmağımın səbəbi "Neftçi"də olmağınızdır.
– Hədəflərinizə çatmaq üçün heyətinizin potensialı yetərlidir?
– Yayda seleksiyamız oldu. Ümumi baxanda, iddialı komandalarla mübarizə aparmaq çətindir. "İmişli" ilə heç-heçə etdik, Şamaxıdakı oyunda qələbə qazana bilərdik. Bu gün heyətdəki bütün futbolçularımız sağlam olsaydı, bəlkə nəticə fərqli alına bilərdi. Sıx qrafikdəyik. Ardıcıl matçlarımız var və bu heyətlə mübarizə aparmaq asan deyil. Çalışacağıq ki, "üçlük" üçün rəqabətdə yer alaq.
– Oyunun sonlarının gərgin keçməsi nə ilə bağlı idi?
– Rəqibin qələbəni xüsusi qeyd etməsini görmədim. "Neftçi"nin oyun proqramına baxsaq, qış fasiləsinə kimi demək olar, ən kritik qələbəsini qazandı. Futbolçularda aqressiya və hörmətsizlik görmədim.