Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandasının Panama üzərində qazandığı 6:2 hesablı darmadağından sonra maraqlı açıqlamalarla çıxış edib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis ikinci hissədə meydana daxil olan futbolçuların performansından razı qaldığını və bunun dünya çempionatı öncəsi əsas heyətlə bağlı seçimlərini çətinləşdirdiyini bildirib:

"İkinci hissədəki çıxış məndə daha çox sual yaratdı. Bu, müsbət mənada bir şübhədir. Futbolçular göstərdilər ki, əsas heyətdə oynayanlarla rəqabət apara bilərlər. Bununla belə, rəqibin də ikinci hissədə tempini aşağı saldığını nəzərə almalıyıq".

Təcrübəli çalışdırıcı ilk yarıda komandanın kifayət qədər kompakt görünmədiyini etiraf edərək, müdafiə xəttindəki çatışmazlıqlara diqqət çəkib:

"Bu, çox aydın görünürdü. Müdafiədə etibarlılıq bizim üçün çox vacibdir və bu istiqamətdə mütləq inkişaf etməliyik".

Heyətin hələ tam müəyyənləşmədiyini, zərurət yaranacağı halda həm oyunçuları, həm də taktiki sistemi dəyişə biləcəyini qeyd edən Ançelotti, "Dəqiq olan odur ki, çox güclü komandamız var" deyib.

Baş məşqçi komandanın ulduzlarından olan Rafinya barədə isə xüsusilə yüksək fikirlər səsləndirib:

"Onun rəqib müdafiə xəttinə yaxın qalmasını istəyirəm. Çünki hücum dərinliyi baxımından dünyanın ən yaxşı futbolçusu olduğuna inanıram. Top bizdə olanda isə ona harada oynamağı deməyəcəyəm. Rafinya yaradıcılığı və keyfiyyəti ilə meydanda ən uyğun mövqeyi özü tapmalıdır".

Ançelotti, eyni zamanda, Neymarın komandadakı gələcəyi barədə verilən suala zarafatla cavab verib:

"Neymar mövzusu bağlandı. İndi danışmaq üçün başqa yaxşı mövzu tapmalıyıq".

Qeyd edək ki, Braziliya millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il Dünya Kubokuna hazırlıqlarını davam etdirir.