Kilian Mbappenin "Real"dakı gələcəyi ilə bağlı başladılan şübhəli imza kampaniyası qısa zamanda futbol dünyasında böyük rezonans doğurub. Sport24.az xəbər verir ki, çərşənbə axşamı start götürən petisiya təxminən 24 saat ərzində 19 milyondan çox imza toplayıb. "Mbappenin klubdan uzaqlaşdırılması" çağırışı ilə keçirilən kampaniyada iştirakçılar fransalı ulduzun gedişinin klubun gələcəyi üçün vacib olduğunu iddia ediblər.
Lakin bu qədər yüksək rəqəm sosial şəbəkələrdə şübhə ilə qarşılanıb. Bir çox istifadəçi imzaların real olmadığını, botlar və avtomatlaşdırılmış sistemlər vasitəsilə süni şəkildə artırıldığını iddia edib.
"X" platformasında "Gio CR7" adlı istifadəçi kod analizinə istinad edərək imza sayının davamlı artırıldığını, bunun isə "dövrü sayğac" mexanizmi ilə şişirdilə biləcəyini bildirib. Digər iddialara görə isə qısa zaman ərzində eyni IP-dən dəfələrlə səs vermək mümkün olub.
Qeyd olunur ki, imza sayının 14 milyondan 19 milyona yüksəlməsi çox qısa müddətdə baş verib və bu da kampaniyanın etibarlılığı ilə bağlı sualları daha da artırıb.