Salam, Aslan vəkil! Necəsiniz? Məmləkətimizdə vəkillərin daim narahatlıq keçirmələri barədə az eşitməmişdim. Yumuşaq dedim ha, çünki əslində vəkillərimiz bir o qədər də vəkillik edə bilmir. Vəlvələdənmi, zəlzələdənmi, bax, bunu siz daha yaxşı bilərsiniz. Ancaq fakt faktlığında qalır. Hər halda, dünən “Futbolpress”də gedən yazıya ağız büzməyinizin səbəbini elə bunda görürəm. Doğma bildiyiniz sahədə iş çox olsaydı, çətin ki, idman jurnalistikasının bostanına daş atmağa vaxt tapardınız. Vaxt bir yana, ümumiyyətlə, bu cəsarəti hardan aldığınız mənə maraqlı gəlir. 

 

Salam, Aslan vəkil. Necəsiniz? Bəli, futbolumuz acınacaqlı vəziyyətdədi. İdman jurnalistikamız isə... Stop! Nə zaman idman jurnalistikası bilicisi oldunuz, Aslan vəkil? Məsələn, mən həyatının 20 ilini vəkilliyə həsr etmiş birinin sahəsi barədə mütəxəssis rəyi bildirə bilmərəm. Kobud desək, başımı divara döyərəm, amma burnum girməyən yerə başımı soxmaram.

 

Salam, Aslan vəkil. Necəsiniz? Bax, hətta sizin vəkil olub-olmamağınızı belə şübhə altına alan fikir irəli sürmürəm. Sadəcə, bir sıra ritorik sual yazıram, izninizlə. Sumqayıt hadisələri barədə yazdığınız kitabın futbola, futbolumuza, futboldakı problemlərə hansı aidiyyəti var? “Futbolpress”in təbii sualı - AFFA-nın korrupsiya məskəni olmasına dair sənəd toplusu istəməsi - niyə hüquq sahəsində çalışan birinin etirazına, gizli təhqirinə səbəb olub?

 

Salam, Aslan vəkil. Necəsiniz? Axı, hüquq sahəsində çalışanlardan başqa sahələr üzrə rəylər gözlənilir: gündəmdə İranla gərginləşən vəziyyət, Vətən Muharibəsinin bitməsinin 1 illiyi, hüquqi cəhətdən Ermənistandan hansı təzminatı tələb edə biləcəyimizə dair peşəkar rəylərə ehtiyac daha çoxdu. Niyə məhz indi futbol fədaisinə çevrildiniz? Elə-belə soruşuram e, heç cavabınızı oxumayacam da. 

 

Vallah, futbol jurnalistikamızın vəkillərə ehtiyacı yoxdu. Heç futbolumuzun da vəkilliyə. Bilmirəm, gülüm, yoxsa gülümsəyim. AFFA-nın sizi məhkəməyə verdiyini və yenidən “dəmir barmaqlıqlar” arxasına getməyə hazır olduğunuzu bildirmisiniz. Ancaq mən hüquqşünas olmasam da, zənn edirəm (iddia etmirəm ha!) ki, məhkəməni uduzacağınız təqdirdə hansısa məbləğdə cərimə olunacaqsınız. Allaha şükür ki, ölüm-itim yoxdu və bildiyim qədəri ilə buna görə heç kimi həbs etmirlər. Amma mən elə idman jurnalistikasında qalacam, hüquqla bu sahənin peşəkarları məşğul olsun. Hər kəs bacardığı sahəyə baş vursa, daha yaxşı olar. Sayğılarla,

 

CEYHUN ƏLİYEV