"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Sport24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib.

 

Toplantıda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

 

"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin prezidenti Rauf Xəlilov çıxış edərək bu idman növünün inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra qurumda 2022-2025-ci illər ərzində görülən işlər barədə hesabat təqdim olunub. Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiyada qəbul olunub.

 

Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Zakir İbrahimov və Anar Əzimov vitse-prezidentlər, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər.