Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub. Sport24.az xəbər verir ki, Ağdamdan başlayan sonuncu mərhələ Xankəndidə başa çatıb.
Son mərhələnin qalibi kişilər arasında türkiyəli Ömər Alkanoğlu olub. Onun həmyerlisi Üzeyir Söyləməz və gürcüstanlı Giorgi Lomidze 2-3-cü yerləri tutublar.
Qadınların mübarizəsində isə türkiyəli Hasibə Dəmir birinci, ukraynalı Olena Şevçenko 2-ci, azərbaycanlı Leyla Abdinova 3-cü olub.
Dörd mərhələnin nəticəsinə əsasən, Üzeyir Söyləməz və Olena Şevçenko yarışın baş mükafatına (4000 manat) layiq görülüblər. Ömər Alkanoğlu və Hasibə Dəmir 2-ci (3000 manat), Giorgi Lomidze və Mariya Kalpakova 3-cü (2000 manat) olublar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon aprelin 10-da "İdman Paytaxtı" Qəbələ şəhərindən start götürüb. 192 kilometr məsafəni əhatə edən yarışa 81 atlet qatılıb. Ultramarafon iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də olub. İştirakçılar Qəbələdən Ağdaşa 55, Ağdaşdan Bərdəyə 65, Bərdədən Ağdama 44, nəhayət Ağdamdan Xankəndiyə 28 km məsafədə qaçıblar.