Xizək idmanı üzrə 5 qat dünya çempionu Haydi Venq marafon yarışlarında qadınların da kişilər kimi marafon yarışında 50 km məsafəni qət etməsini doğru saymır. Sport24.az xəbər verir ki, norveçli xizəkçi qadınların bu qədər məsafəni qaçmamalı olduğunu düşünür: “Qadınlar 50 km məsafəni qət etmək üçün kişilərdən yarım saat artıq qaçır. Belə gender bərabərliyi olmaz! Vaxta baxmaq lazımdı, məsafəyə yox. Təbii ki, kişilər qadınlardan güclüdü. Bunu özümüzə təhqir saymıram. Hər şey göz qabağındadı. Beynəlxalq Xizək İdmanı Federasiyasına müraciət edib köhnə formatı geri qaytarmalı olduqlarını söylədim”.

Xatırladaq ki, Venq Holmenkollendə keçirilən Dünya Kubokunun marafon yarışında qalib gələn həmyerlisi Raqnil Haqadan 2 dəqiqə 42 saniyə geri qalaraq 11-ci yeri tutub. Haqa isə 50 km məsafəni 2 saat 13 dəqiqə 36 saniyəyə qət edib.