Aleksandr Usiklə Tayson Fyuri arasında döyüşün baş tutmaması boks həvəskarları arasında ciddi narazılığa səbəb olub. Sport24.az xəbər verir ki, britaniyalı boksçunun müxtəlif bəhanələr gətirərək aradan çıxması ukraynalı əlcək ustasının da planlarına mənfi təsir göstərib.

Amma Usikin proumoteri Aleksandr Krasyuk artıq reallıqla barışmalı olduqlarını söyləyib: “Bəli, görüş baş tutmayacaq. Çünki məsələ çox uzandı. Usik Fyurinin qonorarın 70 faizini özünə götürmək təklifi ilə də razılaşdı. Tayson elə bildi ki, Aleksandrı istədiyi kimi sürüyə biləcək. Fyuri Usiklə görüşməmək üçün mənasız tələblər irəli sürdü və nəhayət görüşdən qaça bildi. Yolumuzla davam edəcəyik. Mümkün qədər Fyurinin əlində olan yeganə kəmərə sahib çıxmaq üçün əlimizdən gələni etməyə hazırıq. Sizə Fyurinin tələblərini sadalasam, buna heç 15 dəqiqə kifayət etməz. Onun təklifləri qəbuledilməz idi. Bununla da Tayson qarşısındakı çempiona hörmətsizlik etdi. Təəssüf ki, alınmadı. Usik bir qədər istirahət götürüb sonradan digər öhdəliklərini yerinə yetirməyə çalışacaq”.