Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti turnirlərinə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışlarda start xəttinə 10 Qarabağ və 15 Dilbaz atı çıxıb.
Günün ilk həyəcanı 3 yaşadək Qarabağ atlarının 1600 metr məsafəyə "Böyük tac" kuboku uğrunda mübarizəsində yaşanıb və "Semum" atı ilə finişə birinci çatan Sadiq Azayev kubokun sahibi olub. Həmin yürüşdə "Yıldız" atının çaparı Ramal Əliyev ikinci, Hilal Nəzərovun idarə etdiyi "Asya" atı isə gərgin mübarizənin sonunda üçüncü yeri tutub. Lakin Hilal Nəzərov elə eyni məsafədə Dilbaz atlarının "Böyük tac" yarışında "Mərmər 2" atı ilə bütün rəqiblərini geridə qoyaraq zəfər çalmağı bacarıb. Bu yürüşdə Rauf Tahirovun "Zilahar"ı ikinci, Sadiq Azayevin çapdığı "Şans" atı isə üçüncü yeri tutub.
4 yaşadək Dilbaz atlarının 2400 metr məsafəyə "Böyük Bakı" kuboku uğrunda keçirilən yürüşündə Rauf Tahirov "Zəmzəm" atı ilə finiş xəttini birinci keçərək qalib adını qazanıb. Hilal Nəzərovun çapdığı "Lavin" ikinci, Ramal Əliyevin "Tomris"i isə üçüncü pillədə qərarlaşıb.
Yarış gününün sonuncu iki mübarizəsi 5 və daha yuxarı yaşlı atlar arasında 2400 metr məsafədə təşkil olunub. Qarabağ atlarının yarışında ARAF kubokunu "Sultan" atı ilə Hilal Nəzərov qazanıb, Dilbaz atlarının mübarizəsi isə Sadiq Azayevin "Dərviş" atı ilə əldə etdiyi uğurla yekunlaşıb. Atçılıq həvəskarları üçün növbəti startların oktyabrın 3-də keçirilməsi planlaşdırılır.