Ümumdünya Antidopinq Agentliyi (WADA) 2025-ci il aprelin 11-ni dünyada Ədalətli İdman Günü elan edib. Sport24.az xəbər verir ki, təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır.

 

Hər bir idmançı bilməlidir ki, qazanılan uğur yalnız və yalnız öz zəhmətinin, intizamının və bacarığının nəticəsi olmalıdır. Dopinq vasitələri qısamüddətli üstünlük təmin edə bilər, lakin bu, idmançının karyerasını, sağlamlığını və nüfuzunu ciddi şəkildə zədələyir. Azərbaycanın idman tarixində əzmkar və dürüst mübarizə aparan idmançılarımızın adları qızıl hərflərlə yazılıb. Olimpiya və dünya çempionlarımız, beynəlxalq arenalarda bayrağımızı yüksəldən idmançılarımız əsl nümunədir. Biz bu ənənəni davam etdirməli, yeni nəsil idmançılara idmanda dürüstlüyün əsas dəyər olduğunu aşılamaq üçün daha çox çalışmalıyıq. Ədalətli və təmiz idman üçün hər birimiz məsuliyyət daşıyırıq. Gəlin, birlikdə idmanı daha ədalətli, daha mənalı və daha parlaq edək.

 

Qeyd edək ki, WADA 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirir. Aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il 11 aprelə təsadüf edir. Artıq 11 ildir ki, Ədalətli İdman Günü xüsusi olaraq qeyd edilir.