Misli Premyer Liqanın XXX turunda keçirilən "Kəpəz" – "Araz-Naxçıvan" (0:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– Çempionatın liderlərindən olan komandaya qarşı uşaqlar möhtəşəm oynadılar. Epizodları qola çevirə bilməsək də futbolçular yaxşı oynadı. Düşünürəm ki, 2 xal itirdik.

 

– Oyunun sonlarında top saxlaya bilən iki oyunçunuz – Luis Paçu, Rati Ardazaşvillini birlikdə meydandan çıxardınız. Nəyə hesablanmış addım idi?

– Oyunun gedişatında futbolçular yenilənməlidir. İlk dəqiqələrdəki güclə bu bir deyil. İstədik ki, hücumda daha çox sürəti artıraq. Hətta bəzi epizodlarda bu alındı. Sadəcə qol vura bilmədik.

 

– Sadəcə birdən ikisini də dəyişməyiniz maraq doğurdu…

– Daha çox üstünlük yaratmaq üçün belə addım atdıq. Sadiq də Ehtiram da pis təsir bağışlamadı.

 

– Camal Cəfərovun 3 epizodu oldu, amma dəyərləndirə bilmədi. Onun haqda nə düşünürsüz?

– Texniki keyfiyyətlərdir. Gənc deməzdim. Artıq 22 yaşı var. Sadəcə qol duyumu və epizodu hiss etməkdə bir az geri qalır. Məncə, gənclərə daha çox şans yaratmaq lazımdır.

 

– Muhammadu Banın durumu necədir?

– Sabahdan məşqlərə başlayacaq. Ümumən durumu normaldır. Sadəcə topuğunda şiş var.