Misli Premyer Liqanın XXX turunda keçirilən "Kəpəz" – "Araz-Naxçıvan" (0:0) matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– Ağır oyun oldu. Matçdan qabaq da bizi nə gözlədiyini təxmin edirdik. Sıx qrafikdəyik. Ona görə ilk yox, ikinci hissə oyunun tempini qaldırdıq. Uda da, uduza da bilərdik.

– "Araz-Naxçıvan"ın müdafiəsində bu dəfə boşluqlar çox oldu. Niyə?

– Bu müdafiəçilərlə bağlıdır. Çoxlu zədəlilərimiz olduğuna görə rotasiyalara getməyə məcbur olduq.

 

– Növbəti oyunlarınız "Turan Tovuz" və "Qarabağ"a qarşıdır. Gərginlik var?

– Gərginliyin olmağı normaldır. Belə qrafikı görə bu başadüşüləndir. Mövsüm ərzində futbolçular özünü yaxşı tərəfdən göstəriblər.

 

– Üçüncü yeri itirmək təhlükəsi hiss etmirsiz?

– Bizi düşündürən özümüzük. Başqa komandaların nəticəsində xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.

 

– Hücumçularınızın dişsizliyi bu oyunda nə ilə bağlıdır?

– "Kəpəz" bir neçə güclü komandalardan xal alıb. Çempionatımızda zəif komanda yoxdur.