Paris Olimpiadasında uğursuz çıxış daha bir baş məşqçinin istefasına səbəb olacaq. Qızıl medal həsrətinə son qoya bilməyən boksçularımıza rəhbərlik edən Pedro Roke postunu tərk edəcək. Sport24.az xəbər verir ki, vədlərini yerinə yetirməyi bacarmayan kubalı mütəxəssislə vidalaşmaq qərarı verilib. Federasiya rəhbərliyi xüsusilə yerli idmançıların Fransa paytaxtında elə ilk döyüşdəcə məğlub olmasını ona bağışlamayıblar.
Pedro Roke 2022-nin aprelində yığmaya baş məşqçi təyin olunub. O, 2014-2016-cı illərdə də millimizə rəhbərlik edib. Onun başçılığı altında Rio-2016-da 1 gümüş, 1 bürünc qazanmışdıq. Parisdə komandamız bir az da gerilədi və bu, məşqçinin vidasına səbəb olacaq.
Federasiya rəhbərliyi təkcə baş məşqçini yox, həmçinin strategiyanı, boksa baxışı, yanaşma tərzini dəyişəcək. Tezliklə həm məşqçinin vidası, həm də atılan addımlarla bağlı rəsmi açıqlama verilməlidir.