Avropa Boks Konfederasiyasının (EUBC) prezidenti Franko Falçinelli Sahil Babayevin Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Sport24.az xəbər verir ki, qitə qurumunun rəhbəri bununla bağlı ABF-ə məktub ünvanlayıb.

O, Sahil Babayevin işinə sadiqliyi və idarəçiliyi sayəsində Azərbaycanda boks ənənələrinin daha da inkişafına və kütləviləşməsinə səbəb olacağına əminliyini ifadə edib. Franko Falçinelli bildirib ki, Avropa layihələri və tədbirləri çərçivəsində ABF prezidenti ilə əməkdaşlığa ümid edir.

Niderland Boks Federasiyasının (NBF) prezidenti Boris van der Vorst da ABF-ə təbrik məktubu göndərib. O, özünün və təmsil etdiyi qurumun adından Sahil Babayevin Azərbaycan Boks Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib. NBF rəhbəri Sahil Babayevin bu vəzifədə uğur qazanacağına inandığını və boksun inkişafı üçün hazır olduğunu vurğulayıb.

O qeyd edib ki, Azərbaycan boksunun zəngin ənənələri var və bu, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında qazandığı medallarla təsdiq olunub.

Federasiya rəhbəri ölkəmizdə əla infrastrukturun, istedadlı boksçularının və bacarıqlı məşqçilərinin olduğunu da qeyd edib. O, Azərbaycan boksçularına daha böyük zirvələrə yüksəlməyi arzulayıb.

Boris van der Vorst ABF prezidenti Sahil Babayevə ölkədə boksu kütləviləşdirməklə bağlı açıqladığı planlarına və regional inkişaf üçün ayrılan diqqətə heyranlığını ifadə edib. O, iki federasiya arasında əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözlədiyini vurğulayıb.