Belqradda boks üzrə Avropa çempionatında 1/4 final döyüşləri keçirilib.  Sport24.az xəbər verir ki, bu mərhələdə rinqə çıxan daha bir təmsilçimiz qələbə qazanaraq yarımfinala yüksəlib.

 

63,5 kq-da Malik Həsənov üçüncü görüşündə irlandiyalı Din Klensi ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib. Həsənov yekunda Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.

 

Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən idmançılarımız bu mərhələnin görüşlərinə bu gün çıxacaqlar.

 

Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb.