"Kəpəz" cari mövsüm üçün qarşısına qoyduğu əsas hədəfə çatıb. "Sarı-göylər"in növbəti mövsümdə də Premyer Liqada çıxış edəcəyi artıq dəqiqləşib. Komandanın elitada yerini qorumasında əsas əməyi olanlardan biri də baş məşqçi Adil Şükürovdu. Sport24.az-a müsahibə verən 46 yaşlı mütəxəssis həm mövsümü dəyərləndirib, həm də qarşıdakı planlardan danışıb.


- Ötən tur "Qəbələ"ni məğlub etməklə Premyer Liqada yerinizi qoruduz. Son matçla bağlı  fikirləriniz maraqlıdı...
- Bizim üçün gərgin matç oldu. Rəqib bizi çox təzyiq altında saxladı. "Qəbələ" ilə görüşdə əsas hədəfimiz sərfəli nəticəyə hesablanmışdı. Şükürlər olsun buna da nail olduq. Futbolçularımı, rəhbərliyimizi, azarkeşlərimizi təbrik edirəm. Birgə çətin vəziyyətdən çıxdıq.


- Sizə qədər "Kəpəz" ağır vəziyyətdə idi. Komanda turnir cədvəlinin "zirzəmi"sində qərarlaşmışdı.  "Sarı-göylər"dən təklif gələndə hansı hisslərlə işə başladız?
- Baş məçqçi təyin olunana qədər "Kəpəz"in Gəncədəki "Səbail" ilə oyununa diqqətlə baxmışdım. Həmin qarşılaşmada komanda məğlub olmasına baxmayaraq, kollektivdə inadkarlıq, yenilgini həzm etməmək, bir sözlə, döyüşçü ruhu gördüm. Mənə klubu çalışdırmaq təklifi gələndə həmin matçdakı izlədiklərim böyük rol oynadı. Bundan başqa istənilən işə girişirsənsə inam və sevgiyə ehtiyac var. Bu 2 komponent olmayacaqsa, uğur da gəlməyəcək. Mən "Kəpəz"in "sükanı arxasına" keçəndə komandama inandım, sevdim və bu gün istəyimizə nail olduq.


- Sizə qədər 3 məşqçi - Yaşar Vahabzadə, Tərlan Əhmədov və Azər Məmmədov yola salınmışdı. Ard-arda həmkarlarınıza qapının göstərilməsi size narahat etmədi?  
- Adlarını çəkdiyiniz şəxslər hörmətim olan həmkarlarımdı. Məni nəsə qorxutmadı, amma üzərimə böyük məsuliyyətin düşdüyünü dərk edirdim. Çətin işin altına girmişdim. Əsas vəzifə sərəncamında olan oyunçulara mövcud vəziyyətimizi ciddi şəkilədə izah etmək və çıxış yolunun öz əlimizdə olmasını aşılamaq idi. Bunu bacara bilməsəydim bu gün uğur bizdən yan keçəcəkdi.


- Tərlan Əhmədovda nəticə verən məşqçi idi. Məhz o, ötən mövsüm"Kəpəz"i elitada saxlamağı bacardı. Amma o, nə rəhbərliyin, nə də azarkeşlərin rəğbətini qazana bildi. Sizi ondan fərqləndirən nə oldu?
- Tərlan müəllimin dönəmində nələrin olub-olmadığını bilmirəm. Ona görə də o barədə danışmağım düz çıxmaz. Tərlan Əhmədova uzun ömür, can sağlığı arzulayıram. Mən öz dövrümdəki "Kəpəz"lə bağlı danışa bilərəm. Futbolçularıma özünəinamı artırmaqla yanaşı, rəhbərlik ilə azarkeşlər arasında da münasibəti düzəltdik. Rəhbərliyə də xüsusi minnətdarlığımı bildirirəm ki, daim bizə inanıb, arxamızda dayandı. Qısası, rəhbərlik, komanda, azarkeş üçülüyünün sevgi və inamı əsasında nəaliyyət əldə etdik.


- Gəncəli futbol veteranları və fanatları arasında "Gəncə klubunu gəncəli məşqçi çalışdırmalıdı" kimi yazılmamış qanun və şüar var. Tərlan Əhmədov da bunun qurbanı oldu. Siz də gəncəli deyilsiz,  təzyiqə nə dərəcədə hazır idiz?
- Mən Gəncədə futbol oynamışam və gəncəliyəm (gülür).

- Amma sizi əslən Laçınlı kimi tanıyırıq…
- Mən laçınlıyam. Amma məşhur bir deyimimiz var: Bir kişidən soruşanda haralısan, deyir ki, evlənməmişəm. Yəgin mənim necə gəncəli olduğumu başa düşdüz (gülür).



- Qarşınıza qoyulan hədəfə çatdız. İrəlidəki 4 oyuna hansı motivasiya ilə çıxacaqsız?
- Bəli, əsas hədəfə çatmışıq. Amma bu əlimizi-qolumuzu sallayıb meydana çıxmağımıza əsas vermir. Qarşıda 4 oyun var və onların hər birində özümüzü yaxşı tərəfdən göstərib nəticələr qazanmalıyıq. 8-ci pillədə mövsümü bitirmək şansımız var. Bunu reallaşdırmağa çalışacağıq. Həmçinin heyətimizidəki gənclərə və oyun təcrübəsi az olan oyunçulara şans verib onları lazımi formaya salmalıyıq.


- Hazırkı heyəti qorumaq çətin olmayacaq?
- Təbii ki, çətin olacaq. Rəhbərliklə bu barədə danışığımız olmalıdı. Maksimum çalışacağıq ki, bizə lazım olan futbolçuları saxlayaq. Qarşıda bizi daha çətin mövsüm gözləyir. Odur ki, heyətin özəyini saxlayıb, oyun fəlsəfəmizi və intizamımızı qorumalıyıq.


ABDULLA İSMAYILOĞLU