Bakıda atıcılıq üzrə Dünya kuboku davam edir.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin 14 atıcısı bu gün hədəf önünə keçəcək.

Bu gün həm də üç dəst medal sahibini tapacaq. Kişilər və qadınlar pnevmatik tapança ilə 10 m məsafədən atəş açmada final mərhələsində dəqiqliklərini sınayacaqlar. Azərbaycan millisinin bu növdəki təmsilçiləri mübarizəni təsnifatda dayandırıblar.

Yarışın dördüncü günündə həm kişilər, həm qadınlar stend atıcılığının trap növündə mübarizəyə başlayıblar. Azərbaycan millisinin snayperləri Aydan Camalova, Nərmin Cəfərova, Aydan Babayeva, Aylin Quliyeva, Ülviyyə Eyvazova, həmçinin Əlimirzə Quliyev, Kamil Mədətov, Murtaza Novruzlu, Əli Hüseynli, Sabir Mehdizadə yarışa qatılıblar.

Bu gün tüfənglə 10 m məsafədən atəş açmada qarışıq komanda yarışı da baş tutacaq. Həm təsnifat, həm finalları bu gün keçiriləcək növdə Azərbaycanı iki cütlük təmsil edəcək. Nuranə Əliyeva və Üzeyir Tapdıqlı, həmçinin Jalə Bayramova və Ramiz Xəlilov mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, mayın 1-də start götürən yarış ayın 12-də yekunlaşacaq.