Belqradda boks üzrə Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycan millisinin daha 3 üzvü çıxışını qələbə ilə başa vurub.

 

Zeynəb Rəhimova (52 kq) 1/8 finalda Nikola Primaçenkonu (Polşa) sınağa çəkib. Hər 3 raundda üstün olan boksçumuz yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, aprelin 23-də Venelina Poptoleva (Bolqarıstan) ilə döyüşəcək.

 

Məhsəti Həmzəyeva da ilk qarşılaşmada sevinən tərəf olub. 57 kq-da çıxış edən idmançı 1/8 finalda Rebeka Dobosu (Macarıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:26, 30:25, 30:27). Həmzəyeva 1/4 finalda Svetlana Kamenova (Bolqarıstan) ilə üz-üzə gələcək. Görüş aprelin 23-nə təsadüf edəcək.

 

Yığmamızın lideri Alfonso Dominqes (92 kq) isə adını yarımfinala yazdırıb. Dünya çempionu 1/4 finalda isralilli Yan Zaka 4:3 hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə ilə özü üçün azı bürünc medalı təmin edib. Dominqes növbəti görüşünü aprelin 25-də keçirəcək.

 

Qeyd edək ki, daha əvvəl Anaxanım İsmayılova (48 kq) da Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdıraraq 1/4 finalda iştirak hüququ qazanıb.