Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarışı gümüş medalla bitirib.

Ardıcıl olaraq Arseni Oniyenkonu (Ukrayna), Fyodor Kamanini (Estoniya) və Daniel Girleanunu (Rumıniya) məğlub edən həmyerlimiz finalda rusiyalı Boqdan Prima ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Boksçumuz birinciliyi ikinci yerdə başa vurub.

İyulun 3-dən start götürən və 9 gün davam edən qitə birinciliyində Azərbaycan millisi bütövlükdə 14 (11 oğlan, 3 qız) boksçu ilə təmsil olunub. Yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparıb.