Premyer Liqamızın son dövrəsinin startı həm "Qarabağ", həm də baş məşqçisi Qurban Qurbanovla fransalı legioneri Abdullah Zubir üçün uğurlu oldu. Çünki hər biri Sport24.az-ın hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasında son turda müxtəlif nominasiyalarda ən yaxşı oldular. Turun qəhrəmanı seçilən Zubir saytımızın suallarını cavablandırıb. 

- 22 turdan sonra Sport24.az-ın versiyasına görə "Turun qəhrəmanı" seçildin və bununla bağlı təbriklərimizi çatdırırıq. Səncə, daha öncə buna layiq olduğun tur olmuşdu? Maraqlıdı, Zubirin özü bu tur kimi qəhrəman seçərdi?

- Diqqətinizə görə minnətdaram. Fərqlənmək hər zaman xoşdu. Seçimlə bağlı öz fikrimi bilmək istəyirsinizsə, "Qəbələ"nin hücumçusu Ceyms Adeniyini turun oyunçusu seçərdim. Mənə qalsa, bu futbolçunu fərqləndirərdim.

- Təsadüfə bax, "Turun oyunçusu" müsahibəni "Turun məşqçisi" seçilən Qurban Qurbanovun ad günündə (söhbət dünən olub-müəllif.) verir. Nələr demək istərdin?

- Baş məşqçimizə ən yaxşısını arzulayıram. O, həm də ən yaxşısına layiqdi. Qurbanova sağlamlıq və məşqçilik karyerasında yalnız uğurlar arzu edirəm.

-  Zubir Azərbaycanda het-trik etməyə görə lənətlənib? Çünki son turda əvvəlcə zərbən dirəyə dəydı, qayıdan top avtoqol oldu, ardından isə təkbətək çıxsan da, bu, qol olmadı və Ozobiç daha çətin vəziyyətdən toru silkələdi...

- Əslində, heç vaxt bu düşüncə ilə meydana çıxmıram ki, çıxım het-trik edim. Əsas fikrim yaxşı oyun göstərmək, bununla komandama xeyir verməkdi. Təbii ki, qol vurmağı hər kəs həmişə istəyir. Kim istəməz ki, daim qol vursun? Ancaq meydanda həmişə istədiyin də həyata keçmir. Buna baxmayaraq, üzərimdə işləyirəm daha məhsuldar oyun nümayiş etdirmək, daha çox qol vurmaq üçün. Çalışacam ki, hər cəhətdən inkişaf edim, oyun keyfiyyətlərimi artırım.

- "Neftçi" bu çempionatda "Sumqayıt"a qol belə vura bilmir, Abdullah isə "Azərsun Arena"da hər dəfə dubl edir. Bu, sadəcə, maraqlı təsadüfdü, yoxsa sumqayıtlıların qapısına necə yol tapmağın xüsusi resepti var ki, bunu bizə deyərdin...

- (gülür) Sizi inandırım ki, heç bir xüsusi resept yoxdu. Sadəcə, istər mən olum, istərsə də komandam -  meydana çıxıb işimizi görürük. Tək "Sumqayıt"a yox, istəniən rəqibə qarşı olsun, həftəboyu hazırlaşırıq və meydana yalnız qələbə üçün çıxırıq. Rəqibləri xüsusi olaraq ayırmırıq.

- Bu turda nəhayət ki, "Neftçi" ilə 3 xallıq fərq yarada bildiniz. Qarşıdakı turda autsayder "Səbail"lə görüşəcəksiniz, "Neftçi"ni isə bu mövsüm nəinki məğlub edə, qol vura bilmədiyi "Zirə"ylə sınaq gözləyir. Fikrincə, bu dəfə xal fərqini artırıb çempionluğu de-fakto reallaşdırmağınız mümkün olacaqmı?

- Sizi inandırım ki, sadaladığınız bu statistik göstəricilərə ümumiyyətlə, fikir vermirik. Sadəcə, oyunumuza köklənmişik, fokuslanmışıq. Başqa komandaların nə eləməsi bizi maraqlandırmır. İstənilən halda, bu, futboldu, hər zaman gözlənilməzliklərlə doludu. Futbolda istənilən sürprizlər ola, hər an azarkeşləri təəccübləndirəcək hadisələr baş verə bilər. 

- Qarşıdakı 18 günə 5 oyun gözləyən Zubirin kolleksiyasında Azərbaycan Kubokunun medalı  hələ də yoxdu. Həsrətin nəhayət, bu dəfə bitəcəkmi?

- Doğru qeyd elədiniz ki, kolleksiyamda hələ Azərbaycan Kuboku yoxdu. Ancaq bu, o demək deyil ki, bu dəfə nəhayət. buna nail olmağım asan olacaq. Rəqiblərimizə baxdıqda, bizi qarşıda çətin oyunların gözlədiyini görürük. Ancaq istənilən halda, hədəfim Kuboku qazanmaqdı və bunun üçün əlimizdən gələni edəcəyik. 

 

 

MEHMAN SÜLEYMANOV