Misli Premyer Liqasının 24-cü turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Qarabağ"ı qəbul edir.
Bu oyun həm də turun mərkəzi qarşılaşmasıdır. Hazırda aktivində 39 xal olan "qaratllar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektivin əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Bu görüşdə yaşanacaq xal itkisi mövsümün sonunda "qartallar"a çox baha başa gələ bilər. Qonaqlar isə çempionluq uğrunda mübarizə aparır. Hazırda "Qarabağ" 49 xalla ikincidir və bir oyun az keçirməklə lider "Sabah"dan 7 xal geridədir. Məhz bu üzdən ağdamlılar üçün də bu matçın əhəmiyyəti çox böyükdür.
Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək. "Kəpəz" "Turan Tovuz", "Qəbələ" isə "Neftçi" ilə üz-üzə gələcək.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
19:15. "Zirə" - "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə. İdman Kompleksinin stadionu.