Misli Premyer Liqasının XXIV turunun "Sumqayıt" – "Şamaxı" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– "Şamaxı"ya qarşı oyunlar çətin olur. Şanslarımız oldu, amma dəyərləndirə bilmədik.

– Sanki futbolçular oynamır. Sizə qarşı birləşiblər, ya başqa problemlər var?


– Məncə, oyunçular döyüşürlər. Kifayət qədər çalışdılar. Nəsə problem olduğunu düşünmürəm.

 

– Bəs nə üçün komanda uzun müddətdir, qələbə qazana bilmir?


– Səbəbi bilmirəm. Amma bu gün əvvəlki matçlara baxanda pis oynamadıq.

 

– Bundan sonrakı hədəfiniz nə olacaq? Komandanı nə motivasiya edəcək?


– Avrokuboklara şansımız getdikcə azalır. Yerli oyunçulara fokuslanmalıyıq ki, təcrübə yığsınlar. Çalışacağıq, gənclərə daha çox şans verək.

 

– Ötən konfransda demişdiniz ki, rəhbərlik strategiyanı dəyişib. Penalti vurmağı da oyunçular qərarlaşdırır. Bu gün də məğlubiyyətin səbəbini bilmirsiniz. Baş məşqçi bəs nə işə baxır?


– Penalti epizodunda Səbuhinin vurmasını mən istəmişdim. Penalti zərbəsi xoşuna gəlməmişdi və ikinci penaltidə özləri qərar verdi. Bu mövsüm kifayət qədər penalti qaçırmışıq. Ramalinqomun da qaçırdığı penaltilər var. Burda nəsə başqa məsələ, konflikt yoxdur. Sadəcə oyunçuların alındıra bilmədiyi məsələlər var. O ki qaldı, strategiyaya. Buna hörmətlə yanaşıram. Nəticə olmayanda gənclərə fokuslanırıq. Burda qeyri-adi nəsə görmürəm.

 

Böyük ümidlərlə gəlmişdiniz. Amma bəlkə, ən uğursuz dönəminiz "Sumqayıt"da oldu. Hansısa peşmançılığınız yoxdur?


– Təbii ki, nəticələrə görə təəssüflənirəm. Yaxşı başladıq. Amma bilirdik ki, müəyyən məqamda yeni oyunçular lazım olacaq. Alınmadı, bu da problem yaratdı. Bəzi komandalar kompaktdır. Çətin olacağını bilirdik. Yeni oyunçular istəyirdim, alınmadı. Bunlar da nəticələrdə rol oynadı.

 

– Yeni transfer olmadığından çox danışırsınız. Lakin "Kəpəz"ə, "Karvan-Yevlax"a qalib gəlmək üçün bu heyət yetərli deyil?


– Futboldur. "Qarabağ"ı səfərdə udmuşduq. Futbolda hər şey olur. Mənim danışdığım strategiyadır. Mövsümün əvvəlindən qoyulan planlara uyğun getməliyik. Özüm də oyunçu olmuşam. Əvvəldən müəyyən olunan strategiyanı qorumalıydıq.

 

– Mövsümün sonunda gedəcəksiniz?


– Müqaviləm var və işimi davam etdirirəm. O ki qaldı sözləşmənin yenilənməsinə, bilmirəm.


– Qalmaq istəyirsiniz?

– İndi bu haqda düşünmürəm. Nəticələr yaxşı deyil. Mövsümün sonuna kimi mübarizəmizi davam etdirəcəyik.