Ruan Renato "Zirə"nin heyətində 100-cü oyununu keçirib. Sport24.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər veri ki, 31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinə təsadüf edib.

 

Braziliyalı legioner "Neftçi" ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub. Renato "Zirə"də keçirdiyi 100 matçda 9 qola imza atıb.

 

O, Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı "Zirə"nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.

 

Qeyd edək ki, Renato 2023-cü il avqustun 5-də Premyer Liqanın "Qarabağ"la səfər matçında (1:0) Bakı klubunda debüt edib.