"Neftçi"nin futbolçusu Sessi Dalmeydanın Sport24.az- müsahibəsi
- Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zirə"yə məğlub oldunuz. Oyun barədə nə deyə bilərsən? Səncə, niyə uduzdunuz?
- Məncə, bu oyunda uduzmağı haqq etmirdik. Qalibiyyətə daha yaxın olan tərəf biz idik. İstər birinci hissəni, istərsə də ikinci yarını yaxşı oynadıq, amma uduzduq. Oyunu məncə əlavə vaxtda itirdik. Buna baxmayaraq, komandamla qürur duyuram, çünki mübarizə apardıq. Döyüşdük, sadəcə bu oyunu qazanmaq üçün kifayət etmədi. Və indi kubokdan kənarda qaldıq.
- Samir Abasovun sonra komandada nə dəyişib?
- Məncə, indi komandada mentalitet yaxşı istiqamətdə dəyişib. Futbolçuların komanda üçün daha çox fədakarlıq etdiyini görürəm. Yeni baş məşqçi ilə çoxlu müsbət dəyişikliklər var — yeni düşüncə, yeni yanaşma. Ona işləmək üçün imkan versək, böyük işlər görəcəyinə inanıram.
- Sanki əlavə vaxtda "Neftçi" penaltiləri gözləyirdi…
- Mən də elə hiss etdim. Komandada oyunu qazanmaq üçün güc qalmamışdı. Ayaqlarımız bizi irəli aparmırdı. Bu da məğlubiyyətə səbəb oldu — oyunu qazanmaq üçün lazımi mentalitet və güc çatmadı.
- "Mübarizə apardıq" deyirsən. Bəziləri mübarizə apardı, amma bəziləri yox. Məsələn, Varqas topu götürüb bir neçə dəfə driblinq edir və topu itirirdi...
- Bilirsiniz, bu futboldur. Driblinq etmək onun oyun üslubudur. Biz də onun arxasında olmalı, onu sığortalamalıyıq. Bir oyunçunu günahlandırmaq düzgün deyil. Futbol səhv oyunudur. Bəzən bir nəfərin səhvi görünür, amma uduzan bütöv komandadır. O topu itirdi, bəli, amma biz onu örtməli idik. Məsələ budur.
- "Neftçi" son 4 çempionat oyununda da qələbə qazana bilmir. Turnir cədvəlində 7-ci yerdəsiniz və kubokda mübarizəni dayandırdınız. Amma "Neftçi"nin yaxşı heyəti, yaxşı şəraiti var. Problem nədir? Komandaya nə lazımdır?
- Məncə indi elə bir dövrdəyik ki, komanda ilə məşqçi heyəti arasında yeni bir bağ yaranır. Komandaya yeni nəfəs, yeni hava gəlib. Dəfələrlə dediyim kimi, bu taktiki yanaşma və inamla məşqçiyə işləmək imkanı versək, istədiyimiz yerə çatacağıq. Mən buna inanıram.
- Bəzən düşünürsən ki "Neftçi"ni seçməklə səhv etmisən?
- Xeyr, xeyr. Mən belə düşünmürəm. Burada məsələ "Apollon" yaxşıdır, "Neftçi" yaxşıdır" deyil. Mən bura bir məqsədlə - titul qazanmaq üçün gəlmişəm. "Neftçi" böyük ambisiyaları olan böyük klubdur. Amma klubun da, futbolçuların da müəyyən vaxta ehtiyacı olur. "Vaxt lazımdır" demək çətindir, çünki artıq dekabrdır. Amma yenə də inanıram — həm özümə, həm komandaya. Bizə sadəcə bir dönüş nöqtəsi lazımdır. Məşqçi, Abubakar gəlib və onunla birlikdə komandada böyük inam yaranıb. Bizim güclü futbolçularımız var. Hiss edirəm ki, nəsə gəlir, nəsə dəyişir. Bu gün uduzduq, bəli. Amma bu o demək deyil ki, zəifik. Bu mövsüm nəsə əldə edəcəyik — mən buna çox inanıram. Sadəcə daha çox mübarizə lazımdır. Meydanda yıxılan futbolçu qalxıb geri sprint etməlidir, bizə belə mentalitet lazımdır.